BU GÜNLƏRDƏ AZƏRBAYCANDA QADIN SAHİBKARLIĞININ İNKİŞAFI ASSOSİASİYASI TƏRƏFİNDƏN TƏŞKİL EDİLƏN QLOBAL SAHİBKARLIQ HƏFTƏSİNƏ HƏSR EDİLMİŞ “ÜFÜQDƏ YENİ FÜRSƏTLƏR :QADİN SAHİBKARLARA YAŞIL İŞIQ” MÖVZUSUNDA V FORUM KEÇİRİLİB. Forumda müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, 15-ə yaxın ölkədən sahibkarlar və qadın birlikləri təmsil olunub. Onlardan biri də Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən GİKAD təşkilatıdır. Həmin təşkilatın – Şimali Kipr Sahibkar Qadınlar Dərnəyinin sədri İçim Kavuklu ilə müsahibəni oxucularımızın diqqətinə təqdim edirik.
– İçim xanım, xoş gəlmisiniz Bakıya. Siz ilk dəfədir ki, Azərbaycana səfər edirsiniz. Azərbaycan, Bakı haqqında təəssüratlarınız maraqlıdır.
– Ölkənizin nəcib insanlarını Azərbaycanda salamlamaqdan çox məmnunam. Bakiya gəlməmişdən öncə bizim Azərbaycan Sahibkar Qadınların İnkişafı Assosiasiyası ilə əməkdaşlığımız çərçivəsində ölkənizi daha yaxından tanıdıq və daha çox sevdik. İndi Şimali Kipr Türk Dövlətindən iki min kilometrə qədər uzaqdayam. Amma Azərbaycanın gözəl insanlarının sayəsində özümü burada öz torpağımda, öz Vətənimdə hiss edirəm. Zatən bizim atalarımız Azərbaycan torpaqlarından 1071-ci ildə öncə Türkiyəyə, daha sonra isə Şimali Kipr Türk Dövlətinə köç etmişdir. Biz o ataların nəvələrindən, nəsillərindən sayılırıq. Yəqin ki, Azərbaycana, Bakıya illər boyunca qardaş ölkə dediyimizin, belə hiss etdiyimizin kökündə həm də bu bağlılıq durur. Bakını onun təmizliyi, gözəl binaları, Xəzərin əsrarəngiz sahili ilə çox bəyəndik…
– Siz “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adli V forumda təmsil olunanlar sırasındasınız. Forumla bağlı sizdə hansı təəssüratlar yarandı?
– Öncə deyim ki, Forumun keçirildiyi Bakı Konqres Mərkəzinin binasının dizaynına, görünüşünə heyran oldum. Bununla bağlı sizləri, binanın memarlarını təbrik etmək istərdim. Avropada bir çox Konqress Mərkəzlərində iştirak etmişəm, lakin Bakıda Konqres Mərkəzini daha möhtəşəm gördüm. Foruma gəldikdə isə demək istərdim ki, 15 fərqli ölkədən sahibkar qadınların bir araya gəlməsi və bir-birimizlə təcrübələrimizi paylaşmağımız, dövlət sektorunda, eləcə də özəl sektorlarda çalışan qadınların rolu barəsində apardığımız müzakirələr və bir birimizə verdiyimiz tövsiyyələr çox faydalı oldu. Bundan əlavə, Şimali Kipr Türk Dövlətini təmsil etmək və ölkəmizdə qadınları gücləndirmək məqsədiylə təşkil olunan layihələri paylaşmaq mənim üçün qürurverici oldu.
– Necə düşünürsüz, bu iş birliyi ölkələrimizin qadınlarına hansı töhfələr verəcək?
– Bilirsiniz ki, tarixən qadın toparlayıcı, qurucu olub. Yəni qadınlar hər zaman duyğusal zəkaları ilə, anlayışları ilə, biri-birinə verdikləri dəyərlə toplayıcı xarakteri mənimsəmişdir. Bu baxımdan dövlətlər arasında münasibətlərdə də qadının rolu önəmlidir. Hər iki toplumun qadınlarının birlikdə irəliləməsi üçün, inkişafı üçün, bizdən sonrakı gələcək nəsillərin də arasında bağın möhkəm qurulması üçün bizim iş birliyimiz ciddi əhəmiyyət kəsb edir. O üzdən bizim birliyimiz çox faydalı olacaq, deyə düşünürəm. Biz bu birliyi artıq qurmağa başladıq. Ortaq layihələrimiz və bir-birimizin təcrübələrindən yararlanmaq toplumumuzu gücləndirəcək.
Bununla biz güc birliyi yarada bilərik. İnanıram ki, dunyada barışı da bərqərar edə biləcək olan biz qadınlarıq.
– Sizcə, ölkələrimiz arasında biznes və sahibkarlığın hansı sahəsində əməkdaşlıq imkanları var?
– Şimali Kipr Türk Dövlətinin ana sektoru turizmdir. Turizm insanları birləşdirən, dostluqları qurmaq, əlaqələri genişləndirmək üçün əvəzsiz bir vasitədir. Şimali Kipr Türk Dövləti eyni zamanda məktəbləri
ilə, ali təhsil ocaqları ilə tanınır. Universitetlərimiz arasında faydalı əməkdaşlıqlar qurula bilər. Tədris, tələbə mübadiləsi gələcək nəsillərə gözəl bir töhfə ola bilər. Bundan başqa, Kiprdən ixrac edə biləcəyimiz
bir çox məhsullar var. Bunlar özəlliklə süd məhsullarıdır. Peşəkar sənayeçilərimiz var. Bir sözlə, ortaq düzənləyə biləcəyimiz bir çox layihələr mövcuddur. Biz eyni dildən, eyni dindən, eyni irqdən olan toplumlarıq, ortaq tərəfələrimiz çoxdur.
– Bu yaxınlarda Şimali Kipr Türk Dövləti Türk Dövlətləri təşkilatına müşahidəçi üzv qəbul olunub. Bununla bağlı cəmiyyətinizin fikirlərinizi bilmək istərdim. Sizin gözləntiləriniz nələrdir?
– Bu bizim illərdir gözlədiyimiz bir mövzu idi. Əlbəttə, məqsədimiz, gözləntimiz daimi üzv kimi daxil olub, səkkizinci ölkə olmaqdır. Şimali Kiprdə türk qala bilmək üçün 500 ildir ki, mübarizə aparan bir türk toplumu
var. Dəfələrcə İngilis dönəmindən keçməsi və yenə Kipr Dövlətinin qurulmağına baxmayaraq türklüyünü qorumuş və türk olaraq qalmışdır. Bunun ardından Şimali Kipr Türk Dövləti quruldu. Tanına bilmək üçün, Cənubi Kipr toplumu ilə bir barış qura bilmək üçün 50 il mübarizə apardıq. Biz bir türk toplumuyuq və bu toplumun 400 minə yaxın üzvü var. Bu kiçik rəqəm deyil. Bizdən Cənubi Afrikaya və Orta Şərqə açılan qapılar var. Bu baxımdan Kiprın geosiyasi gücünü küçümsəməmək lazımdır. Afrikaya açılan bir qapı olaraq Kiprın bir Türk birliyinin daxilində olması həm Türk birliyi üçün, həm də bizim üçün çox önəmlidir.
– Qadın Sahibkarlar Dərnəyinin başqanı kimi xanımlara tövsiyələriniz nə olardı?
– Biz qadınlar hər şeydən öncə özümüzə güvənməliyik. O baxımdan iqtisadi azadlığımızı mütləq əldə saxlamağı bacarmalıyıq. Biz öz zəkamızla bunu bacara biləcək qədər güclüyük, ailə qurmaq, onu idarə etmək, toplumu birləşdirə biləcək qədər gücümüz var. Gənc qızların kimsədən asılı olmayıb, öz ayaqları üzərində durmağı ən vacib məsələdir. Bu, həm toplum üçün, həm də bütün dünya üçün şərtdir. Əgər bir qadın bunu bacara bilərsə, deməli, onun öhdəsindən gələ bilməyəcəyi iş yoxdur. Qadınlar biri- birinin yurdu olmalıdır, biri-birini dinləməyi bacarmalı, biri-birinə güvənə bilməlidir. Biri-birimizə duyğularımızı paylaşa biləcəyimiz adalar, adaları birləşdirib qitələr olmalıyıq. Qadınlar güclü olarsa, bütün dünya güclü olar.
Milana Kərimqızı